Məşədi İbad, hər şeydən göründüyü kimi, qalanlarından imkanlıdır. Amma pulu başqalarından fərqli olaraq tamaşaçının gözləri qarşısında özünün dar dükanında halal yolla qazanır. Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O, sadəlövhlük dərəcəsində doğruçuldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir. Filmdə hamı onun səmimiliyindən istifadə edir. Bu yalançıların "bacarığı"ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin "primitivliyi"ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib. Hər halda ondan başqa heç kim heç kimə pul vermir. Hamı nə mümkündürsə, qamarlamağa çalışır. Düzdür, Məşədi də pulu şadyanlıqla paylamır. Amma bunun səbəbi simicliyi yox, hər addımbaşı aldadılmasını dərk etməsi və ondan doğan incikliyidir. Bununla belə, yenə də ödəyir və bunu özxoşuna edir, çünki heç kim onu məcbur edə bilməz. Ətrafındakılardan fərqli olaraq, o, rüşvət almır. Kəskin rəqabət şəraitində işləyir. Bütün bunlarla yanaşı, ətrafındakı "ağıllı"lardan fərqli olaraq işləri elə yaxşı gedir ki, onlar dillərini dişlərinə sıxaraq Məşədinin qarşısında "ləbbek" deyirlər. Axmaq üçün çox yaxşı nəticədir. Elə təəssürat yaranmırmı ki, bu personajın ağıldankəmliyinə gülən milyonlarla həmvətənimiz, əslində özləri də bilmədən onun düzgünlüyünə, səmimiliyinə və əliaçıqlılığana istehza edirlər? Niyə elə həmin milyonlarla tamaşaçı təbii olaraq Məşədi İbadın halına acımır? Məşədinin günahı nədədir? Ondadır ki, subay bir kişi olaraq ailə qurmaq və gənc gözəl bir qızla evlənmək istəyir? Axı burda pisləniləsi nə var? O, qızı qaçırmayıb, sadəcə adaxlanmağa gəlib, özü də yeri gəlmişkən, yaşını gizlətmədən. Digər yandan heç kim onun istəyini rədd etməyib, əksinə, şərait yaradıblar, vəd veriblər. Və nəticəsi nə oldu? Tamaşaçının gözləri qarşısında halal adam olan Məşədini aldatdılar, soydular və döydülər.